AZADİSTAN (ERKİN YURD) -XİYABANİ

Thursday, September 09, 2004


81 İL ÖNCƏ TƏBRİZ'DƏ MİLLİ HÖKUMƏT E'LAN OLUNUB

1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Milli Hökumət e'lan olunub

S. SOLTAN

Rusiyada çar üsul-idarəsinin devrilməsi Quzey Azərbaycanda olduğu kimi, Güneydə də hərəkatin canlanmasına təkan verdi. O dövrdə Güney Azərbaycan əhalisinin çıxışlarına istiqaməti əsasən İran Demokrat Partiyası, açıq fəaliyyət göstərən əyalət komitələri verirdi. Sarab, ərdəbil, Zəngan və Urmiyada partiyanın komitələri fəaliyyət göstərirdi.

Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi "Təcəddüd" ("Yeniləşmə") qəzetini nəşr etməyə başladı. Qəzetin ilk sayı 1917-ci il aprelin 19-da işıq üzü gördü. Həmin il avqustun 24-də Təbrizdə İran Demokrat Partiyası əyalət komitəsinin konfransı açıldı. Konfransda Təbrizdən, eləcə də Azərbaycanın çeşidli əyalətlərindən 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla ADP-nin Mərkəzi Komitəsi seçildi. Ondan sonra ADP-nin fəaliyyət dairəsi xeyli genişləndi. 1918-ci ilin noyabrında Osmanlı dövlətinin 9-cu ordusu Güney Azərbaycandan çıxdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsuquddövlə hökuməti 1919-cu il avqustun 9-da İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən tam asılı hala salan saziş imzaladı. Bu sazişin bağlanması geniş kütlənin ayağa qalxması üçün başlanğıc oldu və Güney Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının yeni pilləyə qalxmasına təkan verdi. əyalətdə ingilis imperialistləri və Tehran hakimiyyətinə qarşı mübarizə şiddətləndi. Hərəkata başçılıq edən ADP passiv mübarizə mövqeyindən çıxıb, xalqı daha ciddi çıxışlara səsləyirdi. Partiya rəhbərliyi silahlı üsyana hazırlaşırdı. 1920-ci il aprelin 7-də Güney Azərbaycanda silahlı üsyan başlandı. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti təşkil olundu. ADP-nin fəal üzvlərindən - Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyani və başqalarından ibarət quruma Ş.M.Xiyabani başçılıq edirdi. İİH-in rəhbərliyi altında üsyançılar iki gün ərzində, demək olar ki, bütün dövlət idarələrini ələ keçirdilər. Üsyan ərəfəsində şəhərə daxil olmuş polis dəstəsi, onların ardınca ingilislərin hərbi qüvvələri əyaləti tərk etdi. Silahlı üsyan qan tökmədən qələbə çaldı. "Azadistan" Güney Azərbaycanın rəsmi adı kimi elan edildi.

İranın Ana Yasasına uyğun əyalət əncüməni yaradılması haqqında Tehrana müraciətinə cavab almayan üsyan rəhbərliyi yerlərdə hakimiyyətin demokratların əlinə keçməsinə istinad edib, iyunun 24-də konstitusiyadakından daha muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət yaratdı. Xiyabaninin başçı seçildiyi milli hökumət iyunun 24-də "Təcəddüd" qəzeti redaksiyası binasından dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü.

Milli Hökumətə ADP-nin 20 nəfər üzvü daxil idi. Burada ticarət burjuaziyası nümayəndələrindən Məhəmmədəli Badamçı, əlinağı Gənceyi və başqaları ilə yanaşı, ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqə də təmsil olunurdu. Onlardan başqa, Milli Hökumətin üzvləri arasında orta və xırda sahibkarlardan - Haşim Neysari, Mahmud əmin, Seyidül-Mühəqqiqin, ziyalılardan - Mirzə Tağıxan Rəfət, İsmayıl əmir Xazi, əbülqasım Füyuzad, Məhəmmədhüseyn Səffət, qulluqçulardan - Nurullaxan Yekani, Nüsrətulla Neysari, Zeynəlabdin Qiyami var idi.

Bütün İranın demokratikləşməsini qarşıya qoyan bu hərəkatın milli azadlıq cəhəti İranın tərkibində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizədə görünürdü. Ş.M.Xiyabani deyirdi: "Təbriz İrana nicat verəcək".

Milli Hökumət yaradıldıqdan sonra diqqəti İranda şahlığın ləğvi və respublikanın yaradılmasına yönəldirdilər.

Azərbaycan türklərinin indiki İrana dünyəvi yenilik gətirmək cəhdi boğuldu.
İndiki İranla o vaxtkı türk qacar sülaləsinin hökmranlıq etdiyi ölkəni fərqləndirmək lazımdır. O zaman Azərbaycan türk aydınları bütün ölkənin demokratikləşməsini, Azərbaycan türklərinə isə muxtariyyət istəyirdilər. Çünki türklər bu ərazini ənənəvi olaraq federal prinsiplərlə idarə ediblər. Dövlətin ənənəvi quruluşunu hakimiyyətə gəldikdən sonra pəhləvilər pozdular.

Bu gün Güney Azərbaycanda gedən milli hərəkat öz xarakterinə görə əvvəlkilərdən fərqlənir. Amma tarixi dəyərləndirmə baxımından 81 il öncə elan edilmiş Milli Hökumətin məğlubiyyətindən nəticələr çıxarmağına dəyər.

Qeyd edək ki, məqalə Ş.Tağıyeva, ə.Rəhimli, S.Bayramzadənin "Güney Azərbaycan" kitabındakı uyğun materiala əsasən hazırlanıb.

0 Comments:

Post a Comment

<< Home